Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.

Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Tarixi

Müasir Estoniya ərazisində insanlar eramızdan 8500 il əvvəldən məskunblaşmağa başlayıblar. Estonların əsas dini bütpərəstlik olub. Lakin 11-ci əsrdən etibarən Qərbi Avropa dövlətləri şimalda yaşayan xalqları xristianlaşdırmaq məqsədilə onlara qarşı xaç yürüşləri təşkil etməyə başlayıblar. Bu müharibələr tarixə Şimali xaç yürüşləri adı ilə keçib. Xaç yürüşlərindən əvvəl avropalılar həmin xalqları sülh yolu ilə xristianlaşdırmağa çalışıblar, lakin bunun bir nəticə vermədiyini görəndə onlara qarşı müharibəyə başlayıblar. Xaçlılar 1208-ci ildə Estoniyaya qarşı ilk yürüşə çıxdılar. 1227-ci ildə Estoniya alman və Danimarka qoşunları tərəfindən işğal olundu. 1228-ci ildən 1560-cı illərə kimi Estoniya Tevton ordeninin tərkibində olmuşdur. Rusiya və Livoniya Konfederasiyası arasında baş vermiş Livoniya müharibəsi (1558–1583) nəticəsində dağıldı. Bu müharibə Estoniya üçün çox böyük fəlakətlərə səbəb oldu. Bu müharibədən əvvəl Estoniyanın əhalisi 250–300.000 nəfər idisə, 17-ci əsrin 20-ci illərində əhalinin sayı 120–140.000 nəfər olmuşdu.

Rəsmi olaraq 1517-ci ildə almaniyalı keşiş Martin Lüterin yazdığı 95 tezisin elan olunması ilə Avropada başlanmış Reformasiya hərəkatının Estoniyanın da daxil olduğu Baltikyanı ərazilərə çox böyük təsiri oldu. Buna uyğun olaraq həmin ölkələrdə din, təhsil, dil, siyasət böyük ölçüdə dəyişikliklərə uğradı. Kilsə ayinlərində yerli dildən istifadə olunmağa başlandı (reformasiyadan əvvəl bunun üçün latın dilindən istifadə olunurdu). Livoniya müharibəsi nəticəsində Estoniya tamamilə İsveç imperiyasının tərkibinə daxil oldu. 1631-ci ildə İsveç kralı Qustav II Adolf feodallardan kəndlilərə daha böyük hüquqlar verilməsini əmr etdi. 1632-ci ildə Estoniyada ilk dəfə olaraq çap mətbəəsi və Dorpat şəhərində (1918-ci ildən sonra Tartu adlanıb) universitet açıldı. İsveçin hakimiyyəti altında olduğu dövr Estoniyada tərəqqi dövrü hesab olunur. Əhalinin sayı 1657-ci ilə qədər sürətlə artdı. Həmin ildə baş vermiş epidemiya bu artımı dayandırdı. 1695–1697-ci illərdə Estoniyada baş vermiş fəlakətli aclıq illərində əhalinin 20%-i, təxminən 70.000 nəfər qırıldı.